Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclər İnkişaf Naminə İctimai Birliyi “Qarabağda İctimai Vəkillik Platforması” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi Qarabağda birgəyaşayış modeli üçün tolerant cəmiyyət formalaşmasına dəstək olmaq, gənclər arasında humanizmi və bəşəri dəyərləri təbliğ etməkdir.
Layihə reinteqrasiya prossesindən sonra Qarabağda yaşayan sakinlərin, xüsusi ilə də gənclərin torelant və multikultural baxışlarının formalaşmasına töhfə verməkdən ibarətdir. Layihə çərçivəsində yaradılması nəzərdə tutulan “Qarabağda İctimai Vəkillik Platforması” üzərindən mədəniyyətlərarası dialoq, dini etiqad azadlığı, vətəndaş hüquqları, humanizm və multietnik münasibətlərə dair geniş təbliğat işləri aparılacaq. Qarabağa qayıdış prossesində iştirak edən və hazırda ali təhsil müəssisələrində təhsil alan gənclərlə görüşlər təşkil ediləcək. Gənclərlə görüş zamanı dini dözümlülük, tolerantlıq, birgəyaşayış, humanizm, hüquqi və psixoloji baxış və s. mövzularda maarifləndirmə işləri aparılacaq. “Qarabağda Multikultural Reinteqrasiya” mövzusunda dəyirmi masalar keçiriləcək və müzakirələr nəticəsində səslənən təklif və tövsiyyələr haqqında sənədlər müvafiq dövlət qurumlarına təqdim ediləcək.
Həmçinin “Qarabağda Multikultural Reinteqrasiya” adlı kitabın hazırlanması nəzərdə tutulub.